"Rəqib İspaniya deyil, Almaniya deyil, udmalıyıq" - Ceyhun Sultanov
“Estoniya ilə oyundan yalnız qələbə gözləyirəm. Özümüzdən güclü rəqib olsaydı, nəsə fikirləşərdim. Amma indiki durumda bu rəqibə qalib gəlmək olar”.
Bu sözləri Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, hazırda menecerliklə məşğul olan Ceyhun Sultanov deyib.
Veteran futbolçu bildirib ki, yığmamızın evdə Estoniyanı məğlub edə bilməməsi səfərdə də qələbə qazanmayacağı anlamına gəlmir: “Futbolda hər şey olur. Üstəlik, Estoniya seçməsinə qarşı oynayacağıq. İspaniya deyil, Almaniya deyil. Qalib gəlmək olar”.
Onun sözlərinə görə, millimiz bu gün uduzsa belə, Canni De Byazi ilə müqaviləni pozmaq düzgün addım olmayacaq: “Çünki seçmə mərhələnin başa çatmasına az qalıb. Düşünürəm ki, müqaviləsinin başa çatmasını gözləmək, ondan sonra yolları ayırmaq lazımdır”.
C. Sultanovun fikrincə, De Byazidən sonra əcnəbi məşqçi barədə düşünmək savadsızlıq olar: “Qrupdan çıxa bilməyəcəyiksə, xarici mütəxəssisi bura gətirməyin əhəmiyyəti yoxdur. Ən birinci namizəd yerli məşqçi olmalıdır”.
Qeyd edək ki, bu gün “Le Kok Arena”da keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.