“Sabah” ardıcıl ikinci qələbə ilə mərhələ adladı
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Msport.az xəbər verir ki, Bakı klubu Uelsin TNS komandasının qonağı olub.
Bakıda baş tutan ilk oyunda 2:0 hesablı qələbə qazanan “Sabah” Ozuestri şəhərində yerləşən “Park Hall”dakı görüşdə də rəqibini məğlub edib. Valdas Dambrauskasın yetirmələri 2:1 hesablı qalibiyyət əldə ediblər. Təmsilçimizin heyətində qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
Beləliklə, “Sabah” II təsnifat mərhələsinə adlayıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya klubu “KuPS” olacaq. Bu mərhələnin matçları iyulun 21-22-də və 28-29-da keçiriləcək. İlk oyunda təmsilçimiz ev sahibi olacaq.







