"Santuşun yığmadaya hansı futbolu aşıladığını söyləmək çətindir"
Azərbaycan və Belarus milli komandalarının yoldaşlıq görüşü ərəfəsində “Kəpəz”ın kapitanı, belaruslu müdafiəçi Yeqor Xvalko ölkəsinin mətbuatına müsahibə verib.
Msport.az xəbər verir ki, o, qarşılaşmanı dəyərləndirib.
– Hazırda Azərbaycan futbolunda ən tanınmış şəxs milli komandanın portuqaliyalı baş məşqçisi Fernando Santuşdur…
– Ümumiyyətlə, Azərbaycanda əksər futbol adamlarının Santuşa münasibətinin yaxşı olmamasının səbəbi onların əcnəbi məşqçilərin uğur qazanacaqlarına şübhə ilə yanaşmalarıdır. Bilirlər ki, xaricdən gələnlərin maaşları xeyli yüksəkdir. Çoxları deyir ki, milliyə yerli mütəxəssis təyin edin, qoy, bir müddət işləsin və görək, bəlkə öz məşqçilərimizlə daha yaxşı olur. Son 20 ildə azərbaycanlı mütəxəssislər, demək olar ki, milli komandaya rəhbərlik etməyiblər, əsasən, əcnəbilər işləyib. Amma heç bir nəticə də yoxdur. Buna görə də çoxları yerli məşqçilərdən birinin komandanı çalışdırmasını istəyir.
Santuşun komandaya hansı futbolu aşıladığını söyləmək çətindir. Millətlər Liqasının 6 matçında çox zəif çıxış ediblər. Heyətdə yeni adlar var. Bu oyunlar üçün də komandaya bir neçə yeni oyunçu cəlb olunub, onlardan bəziləri debüt edə bilər. Yalnız komandamızla oyundan sonra müəyyən nəticələr çıxarmaq mümkün olacaq – aşağı-yuxarı bərabər səviyyəli rəqiblər qarşılaşacaqlar. Bunun fonunda Santuşun hansı oyun modelini aşılamaq istədiyi bəlli olacaq. Axı, komanda İsveç millisinə 0:6 hesabı ilə uduzanda onun hansı futbolu görmək istədiyini söyləmək çətindir…
– Belarusla oyuna böyük maraq var?
– Məsələn, Belarusun və ya Azərbaycanın daha güclü olması barədə söhbətlər yoxdur. Çoxları sadəcə deyirlər: “Bizə qələbə lazımdır”. Çünki komanda Millətlər Liqasında 6 qələbəsiz oyun keçirib. Uğurlu nəticələr əldə etməmələri bir yana, həm də az qol vururlar. Ona görə də hamı qələbə gözləyir. Gördüklərimə əsasən, Haiti yığması ilə oyuna maraq az idi. Belarusla matça azarkeşlərin marağının necə olacağını bilmirəm. Komandalar kiçik qəsəbə olan Masazırda oynayacaqlar. Düşünürəm ki, 6 minə yaxın azarkeş gəlsə, çox yaxşı olar.
Qeyd edək ki, Azərbaycan – Belarus yoldaşlıq matçı bu gün “Bank Respublika Arena”da keçiriləcək və saat 21:45-də başlayacaq. Yığmamız üç gün əvvəl Sumqayıtda Haitiyə 0:3 hesabı ilə uduzub, rəqibimiz isə səfərdə Tacikistan yığmasına qalib gəlib – 5:0.