“Şeydayev ciddi şəkildə cəzalandırılmalıdır” – Məşhur futbolçudan ədalətsiz açıqlama
“Meydanda bu qədər şiddətli bir şey olacağını heç düşünməzdim. Qonaq komandanın davranışı çox sərt idi”.
Msport.az xəbər verir ki, bu sözləri Çin millisinin sabiq üzvü Fan Ziyi Asiya Çempionlar Liqasında “Çjetszyan” və Tailandın “Buriram Yunayted” komandaları arasında keçirilmiş matçdan sonra baş verən insident barədə danışarkən deyib.
Yerli komandanın üzvlərinin davranışlarını görməzdən gələn veteran müdafiəçi “Buriram Yunayted”in formasını geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi tənqid edib: “Xüsusilə, 10 nömrəli oyunçu bizim iki futbolçumuzu arxadan tutaraq boğmağa çalışırdı. Bu, ciu-citsu texnikasına bənzəyir, çox təhlükəlidir. Hətta ölümcül ola bilərdi. Komanda yoldaşları kömək etməsəydilər, boğulan adamın başına gələnləri düşünmək belə istəmirəm. Ona görə də Şeydayev ciddi şəkildə cəzalandırılmalıdır”.
Qeyd edək ki, kütləvi dava zamanı “Çjetszyan”ın bir neçə futbolçusu Ramil Şeydayevi təkləyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Fan Ziyi peşəkar karyerası ərzində Çin klubları ilə yanaşı, İngiltərənin “Kristal Pelas”, Şotlandiyanın “Dandi Yunayted” və Uelsin “Kardiff” komandalarından da çıxış edib.







