“Sumqayıt”ın 2 futbolçusu üçün mövsüm bitdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 34-cü turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
Msport.az xəbər verir ki, komitə “Sabah” – “Şamaxı” oyununda Əsasnamənin tələblərinin pozulduğunu aşkarlayıb.
Buna görə, bakılılar 500 manat cərimə olunub.
Əsas cərimələr “Kəpəz” – “Sumqayıt” matçına şamil edilib. 6 futbolçusu sarı vərəqə alan gəncəlilər 700 manat cərimələnib. Həmçinin “Kəpəz”in azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu, cari mövsümdə 4-cü dəfə yaşandığı üçün bölgə klubu 1000 manat ziyana düşüb. Gəncəli fanatların pirotexniki vasitədən istifadəsi isə kluba daha 1500 zərər vurub.
“Sumqayıt”ın isə iki futbolçusu Rəşad Əzizli və Vüqar Mustafayev cəzalandırılıb. Hər iki oyunçu qarşılaşmanın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Buna görə onlara 2 oyun şərti olmaqla 4 görüşlük cəza kəsilib. “Sumqayıt” isə 6000 manat cəriməyə məruz qalıb. Əzizli və Mustafayevə 3 aylıq təyin edilib. Bu da o deməkdir ki, “Sumqayıt”ın oyunçuları üçün mövsüm bitib.