"Turan Tovuz" Şamaxıdan qələbə ilə qayıdır
Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edib. FİFA referisi Kamal Umudlunun idarə etdiyi oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 30-cu dəqiqədə Aleks Souza vurub.
“Turan Tovuz” xallarının sayını 42-yə çatdıraraq 3-cü pillədə qərarlaşan “Zirə”yə çatıb. “Şamaxı” 21 xalla 8-cidir.
Xatırladaq ki, “Şamaxı” – “Turan Tovuz” qarşılaşması hava durumuna görə canlı yayımlanmayıb, görüşdə həmçinin VAR hakimləri də iştirak etməyib.
Qeyd edək ki, XXIV turun artıq keçirilən oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə udub, “Araz-Naxçıvan” “Səbail”lə qolsuz, “Qarabağ” isə “Sabah”la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura bu gün keçiriləcək “Zirə” – “Kəpəz” oyunu ilə yekun vurulacaq.