"Turan Tovuz" təklif göndərdi, düşünmək üçün vaxt istədilər
Gəncə şəhər stadionunun yaxın vaxtlarda söküləcəyi artıq rəsmiləşib. Dövlət başçısı yeni arenanın tikintisi üçün ilkin olaraq 1 milyon manat ayırdı. Hələ ki “Kəpəz”in qarşıdakı ev oyununu harada keçirəcəyi məlum deyil.
Azər Məmmədovun rəhbərlik etdiyi komanda Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində oktyabrın 21-də öz meydanında “Zirə”ni qəbul edcək. Lakin həmin matçın harada olacağı hələ dəqiqləşməyib.
Msport.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” ev oyunlarını Tovuzda keçirmək üçün “Turan Tovuz” rəhbərliyi ilə danışıqlar aparıb. Tovuz təmsilçisi bir oyun üçün 2500 manata stadionu icarəyə verməyə razı olublar. Qeyd edək ki, bu məbləğə təcili-tibbi yardım maşını, yanğınsöndürənlər, top daşıyan uşaqlar – hamısı daxildir. “Kəpəz” rəhbərliyi bu söhbətdən sonra düşünmək üçün vaxt istəyib.
Gəncə ilə Tovuzun arası yaxın olsa da, əldə etdiyimiz məlumata görə, “Kəpəz” rəhbərliyi Qəbələdə oynamağın tərəfdarıdır.