“Turan Tovuz”un rəhbəri: “Hədəf avrokubokların qrupuna düşməkdir”
“Hədəfimiz yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləmək, mümkünsə, qrupa düşməkdir”.
Msport.az xəbər verir ki, bunu “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
Kürdəxanıdakı təlim-məşq bazasının açılış mərasimində çıxış edən klub rəhbəri avrokuboklarda uğurlu nəticələr arzuladıqlarını dilə gətirib: “Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzdakı kompleksə və burada gördüyünüz bazaya çox böyük maddi vəsait xərclənib. Dayanıqlı inkişaf yolunu seçmişik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik”.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasında 31 turdan sonra 48 xalla dördüncü pillədə qərarlaşır.