UEFA FİFA-nı məhkəməyə verə bilər
UEFA FİFA-ya və qurumun prezidenti Canni İnfantinoya qarşı hüquqi addımlar atmağa hazırlaşır.
Msport.az xəbər verir ki, buna səbəb FİFA-nın ləğv etdiyi “FIFA Forward Enterprise” layihəsi ətrafında yaranan narazılıqdır.
Bildirilib ki, UEFA layihənin dayandırılmasını müsbət qarşılasa da, FİFA-da idarəetmə islahatları tələb edir. Avropa futbol qurumunun əsas tələblərindən biri İnfantinonun istefasıdır. Bu baş verməsə, UEFA ona etimadsızlıq proseduruna başlamağı planlaşdırır.
UEFA həmçinin “FIFA Forward Enterprise” layihəsi ilə bağlı bütün sənədlərin, o cümlədən elektron yazışmaların, mesajların və iclas protokollarının qorunmasını tələb edib.
Qeyd edək ki, İnfantino layihəyə dəstək müqabilində FİFA-ya üzv 211 milli assosiasiyanın hər birinə 40 milyon dollar maliyyə ayrılacağını vəd etmişdi. O, 2027-ci ildə yenidən FİFA prezidentliyinə namizəd olacağını da açıqlayıb.







