Valdas Dambrauskas: “Bir az məyusam”
“Qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusuq”.
Msport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Finlandiya təmsilçisi “KuPS”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb: “Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. Bu, çox möhtəşəm duyğudur. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Lakin bir az məyusam. Çünki bir çox qol fürsətlərini boşa verdik. Hər iki hissədə üstün oynadıq. Qarşılaşmanın son anlarında da bizim bəxtimiz gətirdi. Rəqib az qala hesabı bərabərləşdirəcəkdi. İndi bizi səfərdə çətin cavab görüşü gözləyir. Bu gün yararlana bilmədiyimiz qol fürsətlərindən səfərdə maksimum istifadə edəcəyik”.
O, Aron Maludanın meydana çıxmamasının səbəbindən danışıb: “Adətən mən meydana ən uyğun ilk “11-liy”i buraxıram. Düşünürəm ki, Maluda “KuPS”la oyuna tam hazır deyildi. Yəqin ki, qarşıdakı görüşlərə hazır olacağı təqdirdə onu meydanda görə bilərik”.
Qeyd edək ki, “Sabah” – “KuPS” matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.







