featured-image-10270

Konyada keçirilən İslam Oyunları ilə bağlı gündə bir əndrabadi xəbər gəlməkdədir. Gah mükafatlandırma mərasimində Albaniya güləşçisinin şərəfinə Əlcəzair bayrağı qaldırılır, gah Əfqanıstanın qadın həndbol yığması ilk iki oyunda 43 top buraxdıqdan sonra 3-cü matça çıxmır. Türkiyə – Seneqal (U-23) futbol qarşılaşmasından əvvəl turnirin rəsmi saytında komandalar haqqında heç bir məlumat olmayıb. Oyundan əvvəl yayım rejissorları da heyətləri göstərməyiblər. Həmkarımız Fərid Ramazanovun yazdığına görə, əvəzetmələr olarkən hətta stadionda olan diktor da futbolçuları ancaq nömrələri ilə deyirmiş.

Konyada baş verən kuryoz  hadisələri bir yerə toplasan, əməlli-başlı kitab yazmaq olar. Azərbaycanın bu yarışa ciddi yanaşıb əsas heyətləri göndərməsi də bir ayrı dərddir. Təsəvvür edin ki, bir çox idman növlərində komandalarımız rəqib oyuna gəlmədiyi üçün texniki qalibiyyət əldə etdi. Məsələn, Kamerunun qadın həndbol yığması Türkiyəyə gec gəldiyi üçün millimizlə matça yetişə bilmədi. Bunun sayəsində həndbolçularımız qrup qalibi oldular. Eyni xoşbəxtlik “quşu” Samir Əliyevin rəhbərlik etdiyi U-23 futbol komandamızın da başına qondu. İran Azərbaycanla görüşə çıxmadı və komandamız qrupda Mərakeşlə heç-heçə edərək (digər görüşdə Səudiyyə Ərəbistanına uduzdular – 0:1) yarımfinala yüksəldi.

Məndən olsa, Azərbaycan İslam Oyunlarında ya iştirak etməz, ya da turnirə ikinci heyətlə gedərdi. Amma digər tərəfdən yaxşı anlayıram ki, bu, mümkün deyil, ən-azı ictimai siyasi məsələlərə görə. Yarış qardaş Türkiyədə keçirildiyindən Azərbaycan ən yüksək səviyyədə təmsil olunmalı, bacardığı dəstəyi verməlidir. Bir növ idman ikinci planda qalır, siyasət keçir ilk sıraya.

Yadıma istər-istəməz futbol üzrə “Birlik Kuboku” turniri düşür. Yarışın son illərində Rusiya Futbol İttifaqı nə qədər cəhd etsə də, Kiyev “Dinamo”su, “Spartak” kimi klubları turnirə əsas heyətlə gətizdirə bilmirdi. Sovet dönəmində futbolda heç də ön sıralarda olmayan Azərbaycan isə  “Birlik kuboku”nda 3 dəfə qalib oldu – “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”.

“Birlik kuboku” dağlmamışdan əvvəlki dönəmdə iştirakçılar Moskva və ya Sankt-Peterburqa candərdi gəlirdilər. Amma “böyük qardaş”a “yox” demək mümkün deyildi. Bir sözlə, “Birlik kuboku” idman yarışı çərçivəsindən çıxıb ictimai-siyasi meydana çevrilmişdi.

Təşkilatçılar klubları razı sala bilmədikdən sonra keçdilər U-21 yığmalarına. Nə qədər qəribə olsa da, 2015-ci ildə CAR, Finlandiya kimi ölkələrin U-21 komandaları MDB üzvləri üçün təşkil olunmuş “Birlik kuboku”nda çıxış edirdilər.

İndi İslam Oyunları da bizim üçün təxminən oxşar şeydir. Getməsək olmaz, gedəndə də belə.

 

ELNUR MƏMMƏDLİ  

 

Bənzər xəbərlər