Ziddiyət dolu açıqlama - "Qəbələ"nin baş məşqçisindən məğlubiyyət şərhi
“Qəbələ” UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə “Olimpiakos”a 0:3 hesabı ilə uduzdu. Məğlubiyyəti səviyyə fərqi, rəqibin daha yaxşı imkanlara malik olması ilə əlaqələndirmək olar. U-19-ların çempionunun Yunanıstan təmsilçisinə doğma divarlar arasında böyükhesabla məğlub olması futbolumuzun real durumunu göstərir. Bir neçə ildən sonra bu gənclər A milli komandasının da heyətində yenilgiləri ard-arda düzəcəklər.
Təbii ki, bu cür oyunlardan sonra baş məşqçilərin nə dediyi, məğlubiyyəti nə ilə əlaqələndirəcəyi maraq doğurur. “Qəbələ”nin baş məşqçisi Famil Xəlilov “futbolpress.az”a açıqlamasında başdan-başa ziddiyətli açıqlamalar verib. 0:3 hesabı ilə uduzan komandanın rəhbəri necə “bəxt bizdən üz döndərmişdi” deyə bilər? Bir top fərqlə məğlubiyyəti başa düşmək olar, lap cəhənnəm, 0:2-ni də. Amma öz meydanında “Olimpiakos”dan 3 cavabsız top buraxırsan və deyirsən ki, “bəxt bizdən üz döndərmişdi”.
Baş məşqçi bildirir ki, “futbolçularımla fəxr edirəm, hər birinə alqış düşür”. Bir az sonra da deyir ki, “qolları rəqibə hədiyyə etdik. Lakin futbolçularıma nə tapşırmışdımsa, hamısını yerinə yetirdilər”. Başa düşmədim, futbolçulara qolları rəqibə hədiyyə etməyi tapşırmışdız? Bu dərəcədə baş-ayaq açıqlama olar?
Deyəsən, baş məşqçilərimiz kurslarda öyrəniblər ki, ictimaiyyət önündə, mətbuatda futbolçularını müdafiə etməlidirlər. Bu, yaxşı haldır. Amma bunu da məntiqli, ağıllı eləmək lazımdır. Yoxsa, həm “futbolçularımla fəxr edirəm”, həm də “qolları rəqibə hədiyyə etdik” demək çox anlaşılmazdır.