1 milyard avroluq müqavilə təhlükədə
“Mançester Yunayted” İngiltərə Premyer Liqasını tərk edərsə, idman geyimləri istehsalçısı “Adidas”la əsas sponsorluq müqaviləsini itirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ümumi məbləği 900 milyon funt-sterlinq (bugünkü məzənnə ilə 1 milyard 88 milyon avro) olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir.
Bildirilir ki, “Qırmızı şeytanlar” Çempionşipə düşərsə, “Adidas”ın ikinci variantı illik ödənişləri iki dəfə azaldaraq 45 milyon funt-sterlinqə çatdırmaqdır.
Qeyd edək ki, hazırda “Mançester Yunayted” 19 oyundan 22 xalla 14-cü yeri tutur. Onunla düşmə zonasında olan üçüncü klub – “İpsviç” arasında cəmi 7 xal fərq var.