“İnter” və “Napoli”nin matçlarının vaxtı dəyişdirildi
İtaliya A Seriyasında cari mövsümün sonuncu – XXXVIII turunun iki oyununun vaxtı dəyişdirilib.
Msport.az xəbər verir ki, söhbət çempionluğun taleyini həll edəcək “Komo” – “İnter” və “Napoli” – “Kalyari” matçlarından gedir.
Mayın 25-nə planlaşdırılan hər iki qarşılaşma 2 gün tez keçiriləcək. Buna komandalar arasında “qızıl oyun”unun keçirilməsinin mümkünlüyü səbəb olub.
Belə ki, hazırda “Napoli” A Seriyasında 37 oyundan sonra 79 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan “İnter”in aktivində 78 xal var. Əgər son turdan sonra xallar bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün həlledici görüş keçirilə bilər.
“İnter”in mayın 31-ə Çempionlar Liqasında final oynayacağını nəzərə alan A Seriyasının rəhbərliyi çempionat matçlarının vaxtının dəyişdirilməsinə qərar verib.