Altı top buraxan qapıçı: "Bu uğursuzluqda hamımızın günahı var"
“Sumqayıt”ın qapıçısı Aydın Bayramovun Msport.az saytına müsahibəsi.
– “Sumqayıt” mövsümün ilk yarısını 12 xalla 8-ci sırada tamamladı. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
– Mövsümə pis başladıq, amma II dövrənin sonlarına yaxın oyunumuz nisbətən düzəldi. Hələ çempionatın yarısı qarşıdadır. İnşallah, vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik.
– Sizcə, bu mövsüm “Sumqayıt”ın problemi nədir ki, nəticələr belə zəifdir?
– Mən bunu qara zolaq adlandırardım. Əksər oyunlarda bəxt amili bizdən üz döndərmişdi.
– Uğursuzluqda Aleksey Baqanın payı nə qədərdir?
– Bu suala cavab vermək istəmirəm.
– Son turda “Sabah”a 0:6 hesabı ilə uduzdunuz. Hesab niyə belə böyük alındı?
– Bu, futboldur. Belə şeylər hər bir komandanın başına gələ bilər. Bizim üçün çox pis oyun alındı. Düşünürəm ki, bizim günümüz deyildi.
– “Sabah”la oyunda qapınızda 6 qol gördünüz. Qolkiper üçün bu qədər top buraxmaq nə deməkdir?
– Öz qapısında 6 top görmək hər bir qapıçı üçün ən ağır şeylərdən biridir. Çalışıb bunu tez bir zamanda unutmaq və gələcək oyunlar haqqında fikirləşmək lazımdır.
– Samir Abasovun gəlişindən sonra komandada nə dəyişib?
– Çox şey dəyişib. Komandada özünə inam yaranıb. Günü-gündən oyunumuzda inkişaf nəzərə çarpır. İnşallah, Türkiyə toplanışından sonra daha yaxşı “Sumqayıt” görəcəklər.
– Bir vaxt deyirdilər ki, “Sumqayıt”a legioner almağa icazə vermirlər, komanda ona görə iddialı ola bilmir. Bu gün heyətdə bir neçə əcnəbi var, amma komanda əvvəlkindən zəif çıxış edir…
– Məncə, legioner və ya yerli amili burada heç bir önəm daşımır, bu ugursuzluqlarda hamımızın günahı var – istər yerli, istər legioner futbolçuların.







