“Arsenal”la anlaşan gürcü futbolçu zədələndi
“Arsenal”a keçməyə hazırlaşan 17 yaşlı gürcü futbolçu Andriy Bartişvili ciddi zədə alıb.
Msport.az xəbər verir ki, hazırda Gürcüstanın “İberiya 1999” komandasında çıxış edən yarımmüdafiəçi topuğundan zədələnib və 2-3 ay meydana çıxa bilməyəcək.
“İberiya 1999” klubu futbolçunun MRT müayinəsinin nəticələrini açıqlayaraq topuq bağında zədə aşkarlandığını təsdiqləyib. Bu səbəbdən Bartişvili Gürcüstan çempionatında mövsümün qalan oyunlarını, həmçinin UEFA Konfrans Liqasının növbəti qarşılaşmalarını buraxacaq.
Gənc futbolçu cari mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib və meydanda 1097 dəqiqə keçirib. Bartişvilinin transfer hüquqları “Kolxeti-1913” klubuna məxsusdur. O, dekabrda başa çatacaq icarə müqaviləsi əsasında “İberiya 1999”da çıxış edir.
Qeyd edək ki, “Arsenal” gürcü futbolçunun transferi ilə bağlı əvvəlcədən razılığa gəlib. Bartişvilinin 18 yaşını tamamladıqdan sonra, 2027-ci ilin yayında London klubuna qoşulması nəzərdə tutulur.







