Antirekordun bir addımlığında
“Kəpəz”in uğursuz seriyaları qırılıb.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisi mövsümdə ilk xallarını Misli Premyer Liqasının VII turunda qazanıb.
Qəbələdə baş tutan ev oyununda Tərlan Əhmədovun yetirmələri “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə əldə edib.
Bununla da “Kəpəz”in 8 oyundan ibarət məğlubiyyət seriyası qırılıb. Cari mövsümdə 6 matçda uduzan qərblilər 2017/18 mövsümünün son iki görüşündə də xalsız qalıb. Gəncə təmsilçisi son xalını 2018-ci il mayın 4-də “Sumqayıt”la görüşdə əldə edib – 1:1.
Bununla da “Kəpəz” tarixinin ən uzun məğlubiyyət seriyasının bir addımlığında dayanıb. 2012/13 mövsümündə komanda ardıcıl 9 qarşılaşmadan xalsız ayrılıb.
Gəncəlilər qələbəsizliyə son qoyub. Sonuncu dəfə 2018-ci il martın 3-də öz meydanında “Səbail”i 2:1 hesabı ilə üstələyən qərblilər 16 matçlıq həsrətə 1660 gün sonra son qoyub. Bu müddətdə 4 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb.