At izi ilə it izinin qarışdığı "Kəpəz"
“Kəpəz”in düşərgəsindən hər gün bir xəbər gəlir. Komandada əməlli-başlı dərəbəylikdir. Rauf Əliyev, Əfran İsmayılov kimi futbolçuların klubla müqavilələri olsa da, baş məşqçi Tərlan Əhmədovu yaş yuyub, quru sərirlər. Düzü, artıq bu məsələdə kimin haqlı, kimin günahkar olduğunu müəyyənləşdirmək də çətindir. Bir sözlə, Gəncə klubunda at izi it izinə qarışıb.
Əfranla Rauf baş məşqçiyə qarşı ciddi ittihamlar səsləndirirlər. Guya Tərlan Əhmədov kapitan Tural Axundov vasitəsi ilə futbolçular mükafat alanda onlardan pul yığır və sonra həmin vəsaitin hara xərcləndiyi məlum olmur. Bütün bu ciddi ittihamlar fonunda klub rəhbərliyinin mövqeyi maraqlıdır. Daha doğrusu mövqesizliyi.
“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri aşkar şəkildə nə baş məşqçini müdafiə edə bilir, nə də futbolçuları. Sanki gözləyir, bu hadisələr necə yekunlaşacaq, hansı tərəf savaşdan qalib ayrılacaq. Bu günlərdə “Report”a müsahibə verən Nadiri “neqativ hal olduğunu, lakin bunu dərhal aradan qaldırdıqlarını” deyir. Amma fakt odur ki, Əfranla Raufun hər gün mətbuatda yeni-yeni açıqlamalarını oxuyuruq.
Maraqlıdır, “Kəpəz” niyə bu cür müsahibələr verən futbolçularını cəzalandıra bilmir? Adətən oyunçuların müqavilələrində bənd olur ki, onlar klubun əleyhinə, maraqlarının ziddinə müsahibə verərlərsə, cərimə olunacaqlar. Belə çıxır ki, rəhbərlik də bu futbolçuların qarşısında acizdir? Bəlkə, Rauf və Əfran haqlıdır, ona görə İdarə Heyəti müdaxilə edə bilmir? Suallar çoxdur, bu suallara konkret cavab verən isə yox.
Bütün bunlar azmış kimi klubun idman direktoru Mehman Allahverdiyev də vəziyyəti bir az da gərginləşdirdi. “Kəpəz”in əfsanəsi “WhatsApp” statusuna Əfran və Raufun müsahibələrinin linkini qoyub. Bu isə o deməkdir ki, Allahverdiyev də “üsyankar” futbolçuları dəstəkləyir. Klubun mətbuat xitmətinin rəhbəri Azad Mustafayevin fanat.az-a cavabı Molla Nəsrəddinin lətifələrini xatırladır: “Mehman müəllimin status qoymaqdan başı çıxmır. Telefonda nəyəsə baxırmış və həmin yazılar statusa düşüb. Yəni qəsdən yox bilmədən edib”.
Adama deyən lazım, Allahverdiyev niyə məhz çaşıb bu yazıları qoyub statusa? İlqar Nadirinin müsahibəsini, ya da elə “Turan Tovuz”la oyundakı mübahisəli penalti epizodunu qoya bilməzdi?
AYXAN







