featured-image-19332

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qəbələ” ilə səfər oyunundan (0:0) sonra “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib. Msport.az xəbər verir ki, qonaqların çalışdırıcısı CBC Sport-a açıqlamasında komandasından razı qaldığını deyib:

“Əvvəlcə futbolçulara, azarkeşlərə təşəkkür edirəm. Bizi hər zaman dəstəklədilər. Qış fasiləsinə yollanırıq, son oyun idi. Xal ehtiyatımızı artırmaq istəyirdik. “Qəbələ” son vaxtlar yaxşı formadadır. Kubokda da “Qarabağ” kimi komandanı mübarizədən kənarlaşdırdılar. Birinci hissədə epizodlarımız oldu, futbolçular ilk yarıda daha gümrah idilər. Fasilədən sonra bilirdik ki, yorğunluq olacaq. Rəqib də dəyişiklik elədi, üstünlük onların tərəfinə keçdi. Oyunu dəyişmək üçün bəzi futbolçuları meydana buraxdıq. Sıx qrafikdə həm kubokda, həm çempionatda yaxşı çıxış etdik. “Qəbələ” ilə də xal fərqi artmadı. Bu, qışdan sonda komanda üçün motivasiya ola bilər. Yaxşı istirahət edib, hazırlıq keçib çempionatın ikinci hissəsinə davam edəcəyik”.

Tovuz klubunun baş məşqçisi qış fasiləsinə kimi əsas məqsədlərinə nail olduqlarını vurğulayıb: “Yeni bir komanda yaranıb və futbolçuların əzmkarlığı məni razı saldı. İlk oyunlar çox çətin keçdi. Həmin görüşlərdə qalib də gəldik, bərabərlik də oldu. “Turan Tovuz” kubokda yarımfinal həyəcanı yaşayacaq. Çempionatda da xal hesabımızı bir az da artırdıq. Lakin qışdan sonraçətin olacaq. Çünki rəqiblər də güclənəcəklər. Bu əzmkarlığı davam etdirməliyik, komanda formalaşdırmışıq. Bilirdik ki, bizə çətin olacaq. Amma məncə, nəticəmiz yaxşıdır”.

41 yaşlı mütəxəssis böyük ehtimalla qış fasiləsində yeni transferlərin olmayacağını bildirib: “Komandamıza yeni futbolçu götürmək ehtimalımız çox azdır. Bəlkə də transfer edə bilmədik. Çünki ayrılan büdcəyə komanda formalaşdırmışıq. Bəzi imkanlı şəxslərə müraciət etmişik, lakin təəssüf ki, hələ bir irəliləyiş yoxdur. Olmasa da, öz futbolçularımızla davam edəcəyik”.

Bənzər xəbərlər