Azərbaycan Kuboku: “Neftçi” “Sabah”ı məğlub edərək yarımfinala yüksəlib
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.
Masazırdakı “Bank Respublika Arena”da oynanılan qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıb. 41-ci dəqiqədə Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla bitib. İkinci yarıda “Neftçi” rəqibin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. 61-ci dəqiqədə kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado “Sabah”ı mərkəzə dəvət edib. 31 yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
İlk matç 1:1 hesabı ilə bitdiyi üçün “Neftçi” yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. “Qəbələ” evdə “Sumqayıt”ı, “Səbail” “Zirə”ni qəbul edəcək. “Neftçi” yarımfinalda “Səbail” – “Zirə” duelinin güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə “Keşlə”ni 6:0 hesabı ilə darmadağın edən “Qarabağ” olub. Ağdam komandası növbəti mərhələdə “Qəbələ” – “Sumqayıt” cütünün ən yaxşısı ilə qarşılaşacaq.