“Barsa”nın 3 aparıcı futbolçusu El Klasikoda oynamayacaq
“Barselona” aprelin 5-də “Real”la İspaniya kubokunun yarımfinalında üz-üzə gələcək. Bu komandaların ilk oyununda Kataloniya klubu minimal hesabla qələbə qazanmışdı.
Msport.az xəbər verir ki, İspaniya mətbuatı “Barsa”nın 3 aparıcı futbolçusunun El Klasiko da oynaya bilməyəcəyini yazıb.
Jurnalist Xavi Migel Pedri, Usman Dembele və Andreas Kristensenin prinsipial rəqiblə matçda forma geyinməyəcəyini bildirib.
Dembele artıq məşqlərə başlasa da, o, qarşıdakı görüşə hazır olmayacaq.
Ötən ay “Mançester Yunayted”lə oyunda zədələnən Pedri o vaxtdan meydana çıxmayıb. O, İspaniya millisinin heyətinə dəvət alsa da, zədəsini təzələdi və ən yaxşı halda aprelin sonlarında qayıda biləcək.
Kristensen isə Danimarka yığmasının düşərgəsində zədələnib. Mərkəz müdafiəçisi apreldə də oynamayacaq.
Ronald Arauxo və Frenki De Yonqun kubok qarşılaşmasına hazır olacağı gözlənilir.
ANAR ABDULLAYEV







