Baş məşqçi komandasını acı bibərlə motivasiya edib
Almaniyanın “Hoffenhaym” klubunun baş məşqçisi Kristian İlzer ardıcıl məğlubiyyətlərdən sonra futbolçularını qeyri-adi şəkildə motivasiya edib.
Msport.az xəbər verir ki, avstriyalı mütəxəssis ötən il dekabrın 8-də “Frayburq”la Bundesliqa oyunundan əvvəl futbolçuların qarşısına aşpaz papağı və önlüklə çıxıb və xəyali yemək hazırlamağa başlayıb.
O, çıxışında uğurlu oyun üçün inqrediyentləri sadalayıb və onların arasında acı bibəri xüsusi vurğulayıb. 47 yaşlı çalışdırıcı oyunçularından məhz acı bibər kimi olmağı tələb edib.
Nəticədə “Frayburq”la görüş heç-heçə başa çatıb – 1:1. Klub jurnalistlərə “soyunma otağında baş verənlər orada qalır” deyərək bunu şərh etməkdən imtina edib.
“Hoffenhaym” hazırda turnir cədvəlində 15-ci yerdədir.