“Bavariya”da ciddi itki – Keyn zədələndi
“Bavariya” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Seltik”lə cavab oyununda itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Münhen klubunun hücumçusu Harri Keyn sıradan çıxıb. İlk hissədə zədələnən ingiltərəli forvard fasilədən sonra Serj Qnabri ilə əvəzlənib.
31 yaşlı oyunçu bu gün tibbi müayinədən keçəcək. Məhz bundan sonra onun son durumuna aydınlıq gələcək. Futbolçunun özü isə matçdan sonra verdiyi açıqlamada bazar günü Bundesliqada “Ayntraxt”a qarşı oynaya biləcəyinə əmin olmadığını bildirib.
Qeyd edək ki, “Bavariya” – “Seltik” oyunu 1:1 hesabı ilə başa çatıb. İlk matçda qələbə (2:1) qazanan Almaniya təmsilçisi 1/8 finala yüksəlib.