"Bayern Münhen" Naqelsmannı istefaya göndərir
Yulian Naqelsmann “Bayern Münhen”in baş məşqçi postundan istefaya göndəriləcək. Msport.az xəbər verir ki, bu məlumatı “Sky Sport Deutschland”in jurnalisti Florian Plattenberq yayıb.
Onun sözlərinə görə, Münhen klubu 35 yaşlı mütəxəssislə yolllarını Almaniya Bundesliqasındakı son nəticələrə görə ayırır. “Bayern” dünya çempionatı ilə bağlı fasilədən sonra “Borussiya”ya 9 xallıq fərqi aradan qaldırmağa imkan verib.
Komanda məşq edən ərəfədə Naqelsmannın Avstriyaya xizək sürməyə getməsi klubun rəhbər şəxslərini və futbolçularını heyrətə gətirib. Onlar bunu komandaya qarşı doğru olmayan münasibət kimi dəyərləndiriblər.
Bu gün Yuliana və onun məşqçilər korpusuna istefa barədə məlumat veriləcək. Naqelsmann özünə yeni komanda tapana qədər “Bayern” onun maaşını verəcək.
35 yaşlı mütəxəssisi Tomas Tuhelin əvəz edəcəyi gözlənilir.
ANAR ABDULLAYEV







