featured-image-20363

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema PSJ-də (Fransa) çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, fransalı hücumçu buna İspaniya superkubokunun yarımfinalında “Valensiya” ilə oyunda qol vurmaqla nail olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Benzema superkubokda ardıcıl 5-ci matçda fərqlənməyi bacarıb. Ona qədər 2010-2012-ci illər aralığında “Barselona”nın heyətində Messi superkubokun ardıcıl 5 görüşündə rəqib qapılarına yol tapa bilmişdi. Argentinalı həmin oyunlarda ümumilikdə 8 qol vurubsa, Benzemada bu göstərici 5-ə bərabərdir.

Benzema, eyni zamanda, İspaniya superkubokunun ikinci ən yaşlı qolçusuna çevrilib. O, 35 yaş 23 günlüyündə fərqlənib. Bu baxımdan birinci yerdə onun komanda yoldaşı, 36 yaş 129 günündə qol vurmuş yarımmüdafiəçi Luka Modriç qərarlaşıb.

Xatırladaq ki, 1:1 hesabı ilə başa çatan matçda “Valensiya”nı penaltilər seriyası sayəsində (4:3) məğlub edən “Real” superkubokda finala yüksəlib. Yarımfinal mərhələsinin digər oyunu bu gün “Betis”lə “Barselona” arasında keçiriləcək. İspaniya superkubokunun oyunları Səudiyyə Ərəbistanında təşkil olunub.

Bənzər xəbərlər