featured-image-20847

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Almaniya klubu Bundesliqanın digər təmsilçisi “Union Berlin”dən Yulian Ryersonu transfer edib.

Dortmund təmsilçisi bu transfer üçün Berlin klubuna 5 milyon avro ödəyib. Norveçdən olan sağ cinah müdafiəçisi ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Ryerson 2018-ci ilin iyul ayından “Union Berlin”in uğurları üçün çalışırdı. Norveç millisinin də üzvü olan 25 yaşlı müdafiəçi Almaniya klubunun heyətində meydana çıxdığı 109 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Borussiya” hücumçusu Cayden Brafı isə İtaliyanın “Verona” klubuna icarəyə göndərib. A Seriyası təmsilçisi Surinam əsilli niderlandlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. Braf 2022-ci ilin yayında “Mançester Siti”dən Dortmund klubuna transfer olunub. 20 yaşlı sağ cinah vingeri İngiltərə klubunda olarkən İtaliyanın “Udineze” komandasında da icarədə oynayıb.

“Verona” Almaniyanın “Herta” klubundan Deyovaysio Zefeyki də icarəyə götürüb. Maraqlıdır ki, Braf kimi, Zefeyk də Surinam əsilli niderlandlıdır. O da bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Deyovaysio “Ayaks”ın yetirməsidir. O, “Qroningen” və “Blekbern Rovers”in də formasını geyinib. 24 yaşlı sağ cinah müdafiəçisi 2020-ci ildə transfer olunduğu “Herta”da 35 oyuna 1 qol vurub.

Deyovaysionu “Verona”ya göndərən “Herta”, yarımmüdafiəçisi Santyaqo Askasibarı da Argentinanın “Estudiantes” klubuna icarəyə verib. Argentinadan olan 25 yaşlı futbolçu bu mövsümün sonuna kimi ölkəsində top qovacaq. “Estudiantes”in yetirməsi olan, Almaniyada daha öncə “Ştutqart”ın uğurları üçün çalışan Askasibar, 2020-ci ildən oynadığı “Herta”da 53 oyuna 1 qol vurub. O, bu mövsümün ilk dövrəsini İtaliyanın “Kremoneze” klubunda icarədə keçirib. Santyaqo Argentina yığmasında da 3 oyun keçirib.

Yulian Ryersonu “Borussiya”ya satan “Union Berlin” də heyətinə yeni futbolçu cəlb edib. Bundesliqa klubu elitanın digər təmsilçisi “Volfsburq”dan Jerom Russillonu transfer edib. Amma bu transferin detalları və müqavilə müddəti açıqlanmayıb. Fransadan olan futbolçu peşəkar karyerasına ölkəsinin “Soşo” komandasında başlayıb. O, Liqa 1-də “Monpelye”nin də uğurları üçün çalışıb. 2018-ci ildən “Volfsburq”da çıxış edən sol cinah müdafiəçisi, burada 128 oyuna 5 qol vurub. 30 yaşlı futbolçu vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Bənzər xəbərlər