featured-image-76604

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçında “Sabah” səfərdə “Qarabağ”la 2:2 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

“Hər iki komandanı göstərdikləri gözəl oyuna görə təbrik etmək istəyirəm. Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq, yaxşı oyun alındığını düşünürəm. 2-ci hissənin 2-ci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın da şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Kubok matçını unudub çempionat oyunlarına köklənməliyik”.

–  Hesabı bərabərlişdikdən sonra önə keçməyiniz üçün nə çatmadı?

– İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan istifadə edə bilmədik. 2-ci hissənin əvvəllində bu özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz buna təsir edə bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.

– İqor Noqeyranın yoxluğunda Rəhman Daşdəmirov onu layiqincə əvəz edə bilirmi?

– Əlbəttə ki, Rəhman bizim üçün önəmli futbolçudur. Rəhman iki mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün onun çıxışından razı qaldım.

– Kağız üzərində kubokun favoriti bu cütün qalibi kimi qeyd olunur. Siz bu fikirlə razısınız?

– Mənim üçün ən önəmlisi növbəti keçirəcəyimiz matçdır. Bu barədə heç düşünmürəm.

– Növbəti mövsüm “Sabah”ın avrokuboklarda daha uğurlu olması üçün rəhbərliklə transfer barədə hər hansı bir söhbətiniz olubmu?

– Hazırda Avropadakı oyunlar barədə düşünmürəm. Təbii ki, komanda ilə bağlı idman direktoru ilə söhbətlərimiz olur. Hər hansı rəsmi xəbər olsa, sizinlə paylaşılacaq.

– Komandanın iki cəbhədə də mübarizə aparmaq gücünün olduğunu düşünürsünüzmü?

– Bu sualın cavabını sizə buraxıram. Sizcə, bunu bacara bilərik? (gülür)

– Bu il “Sabah”dan gözləntilər böyükdür. Bunu nəzərə alsaq, transferlər barədə düşüncələriniz? Mətbuatda Aleksey Kaşukla maraqlandığınız qeyd olunur…

– Onu deyə bilərəm ki, “Sabah” çox özəl klubdur. Bizim çox yaxşı idarəetməmiz var. Mən transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Kaşukla bağlı yayılan xəbərlər şayədir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir. Onlar daim klubların döyünən ürəyi olacaq.

Bənzər xəbərlər