Əfsanəvi basketbolçunun forma nömrəsi üçüncü dəfə əbədiləşdirildi
Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Orlando Mecik” komandası sabiq oyunçusu Şakil O’Nilin forma nömrəsini əbədiləşdirib.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı veteran basketbolçunun vaxtilə Orlando təmsilçisinin heyətində geyindiyi 32 nömrəli forma bundan sonra heç bir oyunçuya verilməyəcək. Qərar “Oklahoma-Siti Tander”lə oyundan sonra təşkil olunmuş xüsusi mərasimdə elan edilib.
Bununla bağlı təəssüratlarını bölüşən Ş.O’Nil bildirib: “Köhnə bir deyim var: haradan gəldiyini unutma. Mən peşəkar karyerama “Orlando Mecik”də başladım və idmançı həyatımın çox hissəsi burada keçdi. Hər kəs mənə isti münasibət göstərdi. Amma açığı, klubun 32 nömrəli formanı əbədiləşdirəcəyini heç düşünməzdim. Çox xoşbəxtəm, hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, daha əvvəl Şakil O’Nilin “Los-Anceles Leykers”dəki 34, “Mayami Hit”dəki 32 nömrəli forması əbədiləşdirib. Bununla da o, Uilt Çemberlen və Pit Maraviçdən sonra forması üç NBA təmsilçisi tərəfindən əbədiləşdirilən üçüncü oyunçu olub.







