Əzəli rəqiblərin mübarizəsi
“Liverpul” və “Mançester Yunayted” “Barselona”nın sol cinah müdafiəçisi Aleks Baldenin transferi üçün hərəkətə keçib.
Msport.az xəbər verir ki, hər iki İngiltərə klubu futbolçunun agenti Jorje Mendeşlə danışıqlar aparıb.
Portuqaliyalı agent klublara 23 yaşlı ispaniyalı müdafiəçinin mümkün keçidinin şərtləri barədə məlumat verib. Mendeş Balde ilə maraqlanan klublara transferin 40 milyon avroya başa gələ biləcəyini bildirib. Bu məbləğ həm birdəfəlik satış, həm də satınalma hüququ ilə icarə variantı üçün nəzərdə tutulur.
Futbolçunun agenti “Yuventus”, “Milan” və “Monako” ilə də əlaqə saxlayıb. PSJ də ispaniyalı müdafiəçinin transfer imkanları ilə maraqlanıb.
“Barselona” isə qışda heyətini gücləndirmək üçün maliyyə vəsaiti əldə etməyə çalışır. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin planlarında əsas yer tutmayan Balde satıla biləcək futbolçular sırasındadır.
Qeyd edək ki, Aleks Balde cari mövsümdə “Barselona”da əsas heyətdə yerini itirib. Onun gələcəyi ilə bağlı qərarın qış transfer pəncərəsində verilməsi gözlənilir.







