“Fənərbağça”nın rəqibində dörd itki
Fransanın “Lill” komandasının 4 futbolçusu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Türkiyənin “Fənərbağça” klubuna qarşı keçirəcəyi səfər matçını buraxacaq.
Msport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin köməkçi məşqçisi Dimitri Farbos məlumat verib. O deyib ki, Nabil Bentaleb, Akim Zedadka, Ayyub Buaddi və Samuel Umtiti bu görüşdə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, qarşılaşma avqustun 13-də Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Komandalar arasında cütün ilk oyunu Fransa klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Joze Mourinyonun kollektivi III raundda “Lill”i mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) – “Yunion” (Belçika) duelinin qalibi ilə üz-üzə gələcək.