featured-image-434

AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının yeni heyətlə ilk iclası keçirilib.

Msport.az-ın məlumatına görə, fondun icraçı direktoru Tural Piriyev Himayəçilər Şurasının üzvlərini təqdim edib.

Himayəçilər Şurasında xalq artisti Fəxrəddin Manafov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, futbol veteranları Yunis Hüseynov və Vəli Qasımov, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov, “Azercell Telecom”un korporativ kommunikasiya direktoru Sona Abbasova, CBC Sport telekanalının Proqram Direktoru Rüstəm Əfsərli və sahibkar Şaiq Qəribzadə yer alıb.

Açıq səsvermə ilə Vəli Qasımov növbəti 1 il müddətinə Fondun Himayəçilər Şurasının sədri seçilib. Nizamnaməyə uyğun olaraq, sədr seçkisi hər il keçiriləcək.

Sonra Fondun strategiyası, qarşıya qoyulan məqsədlər, tədbirlər planı, hazırlanan ianə platforması baradə fikir mübadiləsi aparılıb. 2022-ci il ərzində Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəliklərinin fəaliyyətə başlaması razılaşdırılıb. Həmçinin nizamnaməyə ediləcək dəyişiklilər müzakirə olunub.

Bənzər xəbərlər