featured-image-4639

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlaşır.

Msport.az xəbər verir ki, yığmamız turnirin keçiriləcəyi Slovakiyaya iyunun 2-də yola düşəcək. Oyunlar iyunun 4-də başlayacaq.

Komandamız Rumıniya, İspaniya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq.

Yığmamızın baş məşqçisi Elşad Quliyev səfər öncəsi jurnalistlərə açıqlama verib. O, güclü qrupa düşsələr də, hədəflərinin böyük olduğunu bildirib:

“Oyunlara yaxşı hazırlaşırıq. Matçları gözləyirik. Əsas məqsəd qrupdan çıxmaqdır. Biz də güclüyük, döyüçəcəyik, iddiamız böyükdür. Komandamızın potensialı yüksəkdir. Avropada ilk beşliyə düşə biləcək səviyyədə komandamız var. Çox güclü qrupa düşmüşük. Qrupdan yaxşı nəticələrlə çıxa bilsək, finala qədər irəliləmək şansımız yüksəkdir. Birinci, ikinci yerlə çıxsaq, güclülərlə ancaq yarımfinalda qarşılaşa bilərik.

İyunun 2-də Sloveniya ilə yoxlama oyunu keçirəcəyik. Daha sonra oyunlara hazırlaşacağıq. Başqa rəqiblərimiz yox idi. Pandemiyaya görə heç yerə gedə bilmədik. Bir yoxlama görüşü az olsa da, yetərincə sayırıq. İstəyirik ki, yüksək səviyyədə oynaya bildiyimizi göstərək.

Orxan Əliyevi çağırmaq istəyirdik. Son 6 ayda peşəkar futbol oynadığına görə onu götürə bilmədik. Kimi istəyirdiksə, buradadır. Deməzdim ki, komandaya ancaq yaşlı futbolçular götürmək istəyirik. Sintez yaradaraq sürəti artırmağı fikirləşirik”.

Yığmamızın üzvü Bəxtiyar Soltanov isə qrupda ən çətin rəqibin Rumıniya millisi olduğunu deyib: “Komanda iki aydan çoxdur ki, Avropa çempionatına hazırlaşır. Gündəlik məşqlər edirik. Komanda turnirə hazırdır. İkinci dəfədir ki, Avropa çempionatında iştirak edəcəyik. Öncə qrupdan çıxmağa çalışacağıq. Daha sonra növbəti mərhələləri fikirləşəcəyik.

Bizim üçün qrupda daha çətin komanda Rumıniyadır. Səhv etmirəmsə 7 qat Avropa çempionlarıdır. İspaniyanı yox, öncə Rumıniyanı fikirləşirik. Qrup çətindir, çıxmağa çalışacağıq. Rəhbərlik bildirib ki, qrupdan çıxmaq lazımdır. Əsad məqsəd budur. Öncəki ildə qrupda qalmışdıq.

Rəqibləri də görməmişəm. Ancaq internet vasitəsilə baxmışam. İnaniramki yüksək yerlərə oynaya bilərik. Mənim üçün böyük futbol oynamaq daha rahatdır. Balaca futboldur, temp çoxdur, tez-tez dəyişiklər olur deyə adama çətin gəlir. Çalışırıq ki, öyrəşək bu futbola da. Burada da hücumda oynayıram. Potensialı görürəm”.

Bənzər xəbərlər