"Gillette"nin xəsisliyi, yoxsa qeyri peşəkarlıq?
Millimizin sabiq futbolçusu Ruslan Qurbanovla Bəhram Bağırzadənin yer aldığı “Gillette Blue 3” reklam çarxını yəqin ki, hamınız görmüsünüz. Üzqırxanı reklam edən bu rolik 2019-cu ildə çəkilsə də, hələ də hər yerdə yayımlanır. Aydın məsələdir ki, kanallara reklam pulu verilir və onlar da bu çarxı təqdim edirlər. Burda qəbahətli bir şey yoxdur. Sadəcə maraqlı olan şirkətin mövqeyidir.
Əynində Azərbaycan milli komandasının forması olan Ruslan Qurbanov…Həmin Qurbanov ki, son dəfə yığmamızın heyətində 2018-ci ilin 20 noyabrında Kosovo ilə görüşdə çıxış edib. O, iyul ayından klubsuzdur və demək olar ki, karyerasını başa vurub. “Gillete”nin reklamında isə Qurbanov bizə hələ də millimizin üzvü kimi təqdim olunur. Görünür şirkət ya xəsislik edir, yeni çarx çəkmir, 3 il əvvəlki ilə kifayətlənir, ya da ümumiyyətlə, onların Ruslanın karyerasını başa vurmasından xəbərləri yoxdur. Nə olur, olsun marketinq baxımından bu, peşəkar yanaşma deyil. Və şirkətin imicinə ciddi zərbə vurur.