Haland Messinin 2 rekordunu yenilədi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland PSJ-yə qarşı keçirilən UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunun oyununda (2:4) iki rekorda imza atıb.
Msport.az xəbər verir ki, dubl edən norveçli futbolçu turnir tarixində 60 qol həddinə ən tez çatan oyunçu olub.
Bunun üçün ona 60 matç kifayət edib. Əvvəlki rekord 80 görüşdə 60 qol vuran Lionel Messiyə məxsus idi.
Bundan əlavə, Haland sözügedən göstəriciyə çatan ən gənc futbolçu adını da qazanıb. O, Çempionlar Liqasında 60-cı qolunu 26 yaş 85 günlüyündə vuraraq Messini bir gün qabaqlayıb.
Qeyd edək ki, norveçli hücumçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 9 matçda 10 qol vurub.







