Harri Keyndən növbəti uğur
Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn yeni uğura imza atıb.
Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna “Maynts”a 3:1 hesabı ilə qalib gəldikləri Bundesliqanın VIII tur oyununda fərqlənməklə nail olub.
İngiltərəli forvar Münhen təmsilçisində 10-cu qoluna imza atıb. O, ümumilikdə bütün yarışlarda ölkə çempionunun heyətində 11 matçda 10 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Keyn çempionatdakı 8 qarşılaşmada isə 9 dəfə fərqlənib. Cəmi üç oyunçu daha əvvəl bu rəqəmə daha tez çata bilib. Gert Derfel (“Hamburq”) və Pako Alkaser 7, Erlinq Holann (hər ikisi “Borussiya”, Dortmund) isə altı görüşdə 9 qol vurmuşdu.