Haynkes: “Futbol ticari biznesə çevrilib”
“Futbola marağım azalıb. Hələ də “Bavariya”, “Borussiya” Mönhenqladbax, “Atletik”, “Real”, “Barselona” və ümumilikdə İspaniya futbolunun, həmçinin İngiltərə və Fransadakı ən yaxşı oyunları izləyirəm. Amma seçici davranıram”.
Msport.az xəbər verir ki, bunu “Bavariya” və “Real”ın sabiq baş məşqçisi, Yupp Haynkes deyib.
79 yaşlı mütəxəssis illər keçdikcə futbola marağının necə dəyişdiyindən danışıb: “Maraqlarım ailədəki maraqlar da daxil olmaqla ümumilikdə dəyişib. Əhəmiyyətli oyunlara baxıram, amma bəzən Bundesliqanı izləmək əvəzinə idman zalına getməyi üstün tuturam. Oyunlar çoxdur, tamaşaçılar artıq yüklənib. Amma bu, biznesin işlədiyi yeganə strategiyadır: futbolçular ağlasığmaz pullar qazanır və klublar bu pulları qazanmaq məcburiyyətindədir. Futbol sadəcə ticari biznesə çevrilib. Televiziya isə oyunların başlama saatlarını diktə edir”.
Qeyd edək ki, almaniyalı mütəxəssis məşqçilik karyerası ərzində 4 dəfə Almaniya çempionu olub, həmçinin 2 dəfə Çempionlar Liqasının (həm “Bavariya”, həm də “Real”la) qalibi olub.