"Hesab 2:3 olduqdan sonra özümüzə gəlmədik" - Yurgen Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1\8 finalında “Real”a 2:5 hesablı məğlubiyyəti dəyərləndirib.
Msport.az BBC Sport”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis rəqib 3-cü qolu vurduqdan sonra özlərinə gəlmədiklərini deyib:
“Oyunun əvvəli möhtəşəm alındı. Hər şey ideal idi, biz məhz belə oynamaq istəyirdik. Buraxdığımız qolları nəzərə almasaq, bütün birinci hissəni yaxşı keçdik. Birinci buraxdığımız qoldan sonra bir qədər passiv olmağa başladıq. İkinci qol kobud səhvdən oldu. Belə şey olmamalıdır, lakin belə şey bəzən baş verir.
Sonra hesab 2:3 oldu, bu isə əks-hücumda əla oynayan komanda ilə matçda heç yaxşı hal deyil. 2:3-dən sonra özümüzə gələ bilmədik.
Bütün 95 dəqiqə ərzində ilk yarıdakı kimi oynamaq lazım idi. Hesab 2:3 olanda əksinə baş verdi.
Biz Madridə gedib futbol oynayacağıq. Bu, ciddi tapşırıq olacaq. Lakin əvvəlcə Premyer Liqada oynayıb göstərməliyik ki, bundan yaxşı dərs çıxarmışıq”.
ANAR ABDULLAYEV







