Juninyo “Flamenqo”da debütündən danışdı
“Flamenqo” forması ilə debüt etmək üçün əsl həyəcanverici andır”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”dan Braziliya təmsilçisinə keçən Olavio Juninyo deyib.
Komandada ilk rəsmi matçına çıxan 28 yaşlı hücumçu debütü ilə bağlı fikirlərini bölüşüb:
“Səhv etmirəmsə, cəmi dörd məşqdə iştirk etmişəm. Komanda yoldaşlarıma yavaş-yavaş uyğunlaşıram. Kollektivdə çox keyfiyyətli futbolçular var. Yalnız onu deyə bilərəm ki, arzularımdan birini gerçəkləşdirmişəm”.
Qeyd edək ki, Juninyo “Carioca – Taca Guanabara” turnirində “Volta Redonda” ilə matçda meydana çıxıb. Forvard 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub. Qarşılaşma “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə bitib. “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.