Kadi niyə heç kimin baxmadığı Rusiya çempionatına gedir?
“Qarabağ”ın futbolçuları Kadi Borqeslə Marko Veşoviçin komandadan ayrılmaq ehtimalının olması dünənin ən səs-küylü xəbəri oldu.
Özü də bu, artıq hər hansı şaiyə formasında yox, birbaşa Qurban Qurbanovun ağzından çıxmış informasiya idi. Ağdam klubunun baş məşqçisi qol.az-a müsahibəsində hər iki futbolçuya ciddi təklif gəldiyini deyib.
Monteneqrolu müdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatır. Əgər o, “Qarabağ”la anlaşmanı uzatmasa, iyunda artıq azad agentə çevriləcək. Kadiyə gəlincə isə, azarkeşlərin sevimlisinin müqaviləsi olsa da, futbolçunun özünün klubu tərk edə biləcəyinə dair maddə var: “Kadi ilə çox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər əsasən doğrudur. Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər” – Qurbanov belə deyib.
Kadiyə artıq xeyli vaxtdır ki, Rusiya klublarının “elçi” düşdüyü deyilir. Bir müddət əvvəl “Axmat”ın adı çəkilsə də, indi “Krasnodar” braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Deyilənə görə, “Qarabağ” 5 milyon dollara liderini buraxmağa hazırdır.
“Qarabağ” kimi komanda üçün 5 milyon az pul deyil. Həmişə seleksiya fəaliyyəti ilə fərqlənən ağdamlılar bu pula 6-7 futbolçu ala bilərlər. Ümumiyyətlə, Qurban Qurbanov yaxşı təklif gələrsə, oyunçuları buraxmağın əleyhinə olmayıb. Necə ki, İbrahima Vadji “Sent Etyen”ə transfer edildi. Bir sözlə, “Qarabağ” Kadini bu qiymətə satsa, heç kim onları qınamamalıdır. Azərbaycan klubları üçün belə imkanlar nadir hallarda ələ düşür.
Amma Kadinin özü üçün bu təklifi heç də ideal adlandırmaq olmaz. Düzdür, onun maaşı “Qarabağ”dan qat-qat çox olacaq. Amma karyeranın ən yaxşı vaxtında – 26 yaşında dünyanın üzünə baxmadığı çempionata getmək məncə, doğru addım deyil. Sanksiyalara görə demək olar ki, Rusiya Premyer Liqasında tək-tük legioner qalıb. Neçə vaxtdır bu ölkədə hər kəs baş sandırır ki, Asiya Futbol Konfederasiyasına daxil olsunlar, ya yox? Əvvəlkinə nisbətən klubların büdcəsi, maliyyə imkanları da azalıb. Düzdür, yenə də “Krasnodar”, “Zenit”, “Spartak”, ÇSKA kimi komandaların pulu “Qarabağ”dan olduqca çoxdur. Lakin Rusiya klubları avrokuboklara buraxılmadığından Kadi üçün “Krasnodar” variantı geriyə atılmış addım olacaq. Həm də yarımmüdafiəçi Polşa Futbol Federasiyasından bu ölkənin milli komandasında oynamaq haqqında təklif almışdı. Rusiya klubunun şərəfini qoruyan futbolçunu isə polşalılar heç vaxt yığmaya çağıran deyillər.
Bir sözlə, Kadi bir balaca səbr edib gözləsə, bəlkə də yayda daha yaxşı və cəlbedici təklif gələcək. İnfiki məqamda isə heç kimin baxmadığı Rusiya çempionatına getmək ona yalnız maddi anlamda xeyir verəcək.
ELNUR MƏMMƏDLİ







