“Kəpəz” 10 yetirməsinə şans verdi
“Kəpəz”in qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 2 yoxlama görüşü gəncəlilər üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, baş məşqçi Azər Bağırov bu qarşılaşmalarda “Kəpəz”in 10 yetirməsinə şans verib.
“Sarı-göylər”in yetirmələrindən qapıçı Elgün Bayramov, müdafiəçilər Arzu Atakişiyev, Ümid Səmədov, yarımmüdafiəçilər Fərid Kələntərov, Amur Yusifov, Raul İsaqov, Nihad İsaqov, hücumçular Şahnur İsmayılov, Sadiq Şəfiyev və Elxan Məmmədov meydana daxil olublar. Bu cür hal klubda uzun illərdir qeydə alınmırdı.
Baş məşqçi Azər Bağırov oyunlardan sonra akademiyadan dəvət olunan futbolçuların gələcəkdə əsas komandanın real namizədləri olacağına inandığını da xüsusi olaraq vurğulayıb.







