“Kəpəz”in transferi: Komandaya kömək etmək üçün gəlmişəm
“Azərbaycanda olduğum, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdur”.
Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Paçu Lira klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyalı hücumçu Gəncədə onu yaxşı qarşıladıqlarını bildirib: “Mənə qarşı münasibət xoşdur. Eləcə də digər futbolçulara qarşı klubda səmimi abu-havanı hiss edirəm. Bir neçə gündür komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdır. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.
28 yaşlı oyunçu əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini, bunun üçün mübarizəyə hazır olduğunu vurğulayıb: “Hücum xəttində məşqçilərin seçim etmək imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Buraya “Kəpəz”ə kömək etməyə gəlmişəm”.
Paçu komandanı düşdüyü vəziyyətdən çıxarmaq üçün hər kəsin səfərbər olduğunu söyləyib: “Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.
Qeyd edək ki, “Kəpəz” Paçu Lira ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.