“Keşlə”nin baş məşqçisi: “Belə məğlubiyyətdən sonra danışmaq çətindir”
“Belə məğlubiyyətdən sonra danışmaq çətindir”.
Bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov evdə “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bu cür məğlubiyyəti gözləmədiyini bildirib: “Əslində “Zirə” ilə çempionat matçında pis siqnallar var idi. Bunları futbolçulara çatdırmağa çalışdıq. Bilirdik ki, bu amil “Qarabağ”la oyunda bizə baha başa gələcək”.
Qurbanovun sözlərinə görə, iki komanda arasında büdcə və heyət fərqi öz sözünü deyib: “3 milyonluq komanda 25 milyonluq kollektivə qarşı oynayır. Amma danışmışdıq ki, meydanda ən azından döyüşkənlik olsun. Azacıq boşluq verəndə usta futbolçular səni cəzalandırır. Ağır məğlubiyyətdir. Amma vəziyyətdən çıxmağa çalışacağıq. Çünki qarşıda çətin oyunlarımız var”.
Baş məşqçi komandasında yorğunluq olduğunu etiraf edib: “İstənilən halda, futbolçuları bərpa etməyə çalışdıq. Futbolda yorğunluq kimi hallar olur. Amma bu gün normal səviyyədə deyildik. Bəlkə də qol vura bilərdik. Amma futbolçular psixoloji cəhətdən tükənmişdilər. Bu cür məğlubiyyətlər yaddaşlarda qalacaq. Mübarizə aparıb uduzmaq başqa şeydir. Kubokun son qalibiyiksə, belə uduzmamalıydıq. “Qarabağ”a Konfrans Liqasında “Marsel”ə qarşı oyunlarda uğurlar arzu edirik”.
Mütəxəssis matçın sonlarında “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin “Keşlə”yə qarşı hörmətsizlik etdiyini söyləyib: “Amma görüşdən sonra yaxınlaşıb üzr istədi və bunun bilməyərəkdən olduğunu bildirdi. Biz də onu başa düşdük. Ola bilər ki, ani diqqətsizlik edib”.