Koxalski "Qarabağ"dan ayrıldı - "Həyatımda ən önəmli şey futbol və pul deyil"
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Araz-Naxçıvan”la oyundan (3:2) sonra jurnalistlərə açıqlama verib.
Msport.az xəbər verir ki, polşalı qolkiper Ağdam klubundan ayrıldığını təsdiqləyib:
“Mənim üçün “Qarabağ”dakı son matç xüsusi oyun idi. Əsas məsələ bu oyunda “Qarabağ”ın 3 xal qazanması idi. Ümid edirəm ki, bu, çempionluq yolunda önəmli addım olacaq”.
27 yaşlı futbolçu “Qarabağ”dan ayrılmaq qərarını necə verdiyini də açıqlayıb:
“Mənə elə gəlir ki, “Qarabağ”da iki etibarlı qapıçı var və komanda etibarlı əllərdədir. Ona görə də düşünürəm ki, getməyin ən doğru vaxtıdır. Bu, asan olmadı, amma mənim qərarımdır və düşünürəm ki, hamı üçün yaxşı olacaq”.
Koxalski ayrılmaq qərarını Avropa Liqasında çıxış etdiyi vaxt deyil, daha əvvəl verdiyini söyləyib:
“Bu qərarı hələ ötən mövsüm başa çatdıqdan sonra, yeni mövsüm başlamazdan əvvəl vermişdim. Çünki həyatımda ən önəmli şey futbol və pul deyil. Mənim üçün həyatım və ailəm daha vacibdir. Hər səhər yuxudan oyandığım andan axşama qədər ailə mənim üçün önəmlidir. Ona görə bu qərarı verdim”.
O, “Qarabağ” azarkeşlərinə və Azərbaycan xalqına təşəkkür edib:
“Əslində, “Qarabağ” azarkeşlərinə, hər birinizə və ümumiyyətlə Azərbaycan xalqına təşəkkür edirəm. Demək olar ki, hər kəs mənə isti münasibət göstərdi. Ümumiyyətlə, siz məni həm qapıçı, həm də bir şəxsiyyət kimi böyütdünüz. Mən bura gələndə adi bir qapıçı idim. Bəlkə də Polşada belə məni yaxşı tanımırdılar. Amma indi ölkəmdə məni hamı tanıyır. Buna görə də sizə çox borcluyam və dəstəyiniz üçün təşəkkür edirəm”.
Daha güclü kluba transfer gözləntisi ilə bağlı sualı cavablandıran Koxalski ayrılmaq üçün doğru zamanın indi olduğunu deyib:
“Ola bilər, amma hazırda vəziyyət çətindir, çünki yalnız çempionatda çıxış edirik. Əlbəttə, ayrılmağımın səbəbi sadəcə bu deyil. Hazırda oynamaq istəyən üç qapıçı var: mən, Martin və Şahruddin. Düşünürəm ki, yalnız çempionat və Azərbaycan kubokunda mübarizə apararkən üç qapıçı üçün kifayət qədər oyun vaxtı yoxdur. Buna görə də, əvvəl dediyim kimi, ayrılmaq üçün yaxşı vaxtdır”.
Polşalı qapıçı daha böyük kluba transfer variantının olmadığını da söyləyib:
“Daha böyük kluba getmək üçün heç bir variantım yox idi”.
Koxalski “Qarabağ”da keçirdiyi dövrü “möhtəşəm təcrübə” adlandırıb:
“Bunu bir neçə sözlə ifadə etmək çətindir. Bəlkə polyak dilində fikrimi daha yaxşı ifadə edə bilərdim. Bu, möhtəşəm təcrübə idi”.







