Kurban Berdiyev: “Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının VII turunda doğma meydanda “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aparırdı. Biz bundan nəticə çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma da bildirdim.
– Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır?
– Komanda 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.
– Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?
– Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.
– Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiniz?
– Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbolda zədə qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. “Araz-Naxçıvan” bir çox komponentdə bizi üstələdi.