featured-image-21100

İtaliyanın “Spetsiya” klubu heyətini yeni futbolçularla gücləndirib.

Msport.az xəbər verir ki, A Seriyası təmsilçisi latviyalı hücumçu Raymond Krollis ilə sloveniyalı yarımmüdafiəçi Tio Çipotu transfer edib.

Futbol üzrə Latviya milli komandasının hücumçusu olan Raymond Krollis bu ölkənin “Valmiera” klubundan transfer olunub. 21 yaşlı forvardla müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. “Spetsiya” bu transfer üçün “Valmiera”ya 1.5 milyon avro ödəyib.

Krollis peşəkar karyerasına yetirməsi olduğu “Metta”da başlayıb. O, 2021-ci ilin yanvar ayından formasını geyindiyi “Valmiera”da 65 oyuna 38 qol vurub. Gənc futbolçu 2020-ci ilin sentyabrında debüt etdiyi Latviya yığmasında da 26 oyuna 3 qol vurub.

Sloveniyanın “Mura” klubundan transfer olunan Tio Çipota görə isə 700 min avro ödənilib. Sloveniyadan olan 19 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Çipot yetirməsi olduğu “Mura”nın əsas komandasına 2021-ci ilin yayından cəlb olunmağa başlayıb. O, bu komandada 51 oyuna çıxıb, 5 qol vurub.

“Spetsiya” 2022-ci ilin yayından klubsuz olan qapıçı Federiko Markettini də heyətinə cəlb edib. 39 yaşlı qolkiperlə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, 2018-ci ildən formasını geyindiyi “Cenoa”dan bu mövsümün əvvəlində ayrılmış və özünə yeni klub tapa bilməmişdi. Marketti karyerası ərzində “Torino”, “Pro Verçelli”, “Krotone”, “Trevizo”, “Biellese”, “Albinoleffe”, “Kalyari” və “Latsio”da da forma geyinib, İtaliya yığmasında 11 oyuna çıxıb.

Bənzər xəbərlər