featured-image-83116

UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən ev oyununda fərqlənən Litva yığmasının hücumçusu Armandas Kuçis Bakıdakı cavab görüşündə də qol vurmaq arzusundadır.

Msport.az xəbər verir ki, bunu 23 yaşlı futbolçu özü ölkəsinin mətbuatına açıqlamasında deyib.

Uzunmüddətli zədədən qayıtdıqdan sonra qol həsrətinə məhz Kaunasdakı qarşılaşmada son qoyan “Çelye” klubunun üzvü hələ də tam formada olmadığını etiraf edib.

Buna baxmayaraq, o, millidəki qol sayını artırmaq üçün Azərbaycan səfərinə iddialı yollanacağını vurğulayıb: “Açığı, hazırda müəyyən psixoloji enişdəyəm. Azərbaycanla matçda fərqlənməklə üzərimdəki təzyiq azaldı. Amma qol seriyasını Bakıda da davam etdirməliyəm. Bunun üçün də əlimdən gələni edəcəyəm. Ağır zədədən yeni qayıtmışam, hələ də hava mübarizəsinə qalxanda necə yerə enəcəyimi düşünürəm, ehtiyat edirəm. Lixtenşteynlə matçda hücumda daha çox topla təmin olunurdum. Amma Azərbaycanla oyunda bu baxımdan sıxıntı yaşadım. Görünür, rəqib buna hazır idi. Cavab qarşılaşmasında topa sahib olarkən sakit olmalı və daha çox hücumlar qurmalıyıq”.

Milli komandasında keçirdiyi 21 oyunda 7 qol vuran Armandas Kuçis daha bir dəfə fərqlənərsə, Litva yığması tarixinin ən məhsuldar 10-cu futbolçusuna çevriləcək.

Qeyd edək ki, Azərbaycan və Litva milliləri arasında oyun oktyabrın 4-də “Palms Sports Arena”da keçiriləcək.

Bənzər xəbərlər