“Mançester Siti” və “Liverpul” Virtslə maraqlanır
Almaniya millisinin və “Bayer”in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.
“Report” xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin xidmətində “Mançester Siti” və “Liverpul” maraqlıdır.
“Şəhərlilər” artıq skautlarını “Bayer”in matçlarına göndəriblər. Liverkuzenlilərin isə onu azı mövsümün sonuna kimi heyətdə saxlamaq üçün hər şeyi edəcəkləri bildirilir.
Futbolçunun Leverkuzen klubu ilə 2027-ci ilin iyuna kimi müqaviləsi var. “Transfermarkt”a görə, onun təxmini dəyəri 85 milyon avrodur.
Qeyd edək ki, cari mövsümdə Virts “Bayer”in heyətində 18 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunda da fərqlənib. Virts Azərbaycan çempionunu evdə 5:1 hesabı ilə məğlub etdikləri oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.







