"Mançester Yunayted"i kim alacaq? - "Nitsa"nın prezidenti təkliflərini göndərib
Fransanın “Nitsa” klubunun sahibi “Mançester Yunayted”i almaqda maraqlıdır.
Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin satışı ilə bağlı son tarix fevralın 17-dir.
Qətərin hakim sülaləsi ilə əlaqəli olan investorlar da “qırmızı şeytanlar”ın səhmlərini ələ keçirmək istəyənlər arasındadırlar. Bundan başqa, Qətər əmirinin “Manşester Yunayted”ə 4 milyard funt təklif etdiyi deyilirdi. “Yunayted”in hazırkı sahibi Qleyzerlər ailəsi isə azı 5 milyard funt almaq niyyətindədirlər. Fransa mətbuatının yazdığına görə, qətərli bu şəxslərin PSJ-nin prezidenti ilə əlaqələri yoxdur.
Digər tərəfdən isə “Nitsa”nın sahibi Cim Retkliff də öz təklifini göndərib. Böyük Britaniyanın ən varlı adamı olan “İneos” şirkətinin rəhbəri hazırkı anda rəsmi təklif verən yeganə şəxsdir. Hərçənd onun ilk təklifinin qəbul olunacağı o qədər də inandırıcı deyil.
ABŞ və Səudiyyə Ərəbistanından da “Mançester Yunayted”i almaq istəyən investorların olacağı gözlənilir.
ANAR ABDULLAYEV







