“Mançester Yunayted” tarixi antirekord astanasında
“Mançester Yunayted” Premyer Liqa tarixində ən zəif mövsümünü keçirir.
Msport.az xəbər verir ki, Ruben Amorimin komandası 32-ci turda “Nyukasl”a 1:4 hesabı ilə məğlub olub.
Çempionatın sonuna 6 tur qalmış “qırmızı şeytanlar”ın aktivində cəmi 38 xal var və komanda maksimum 56 xal toplaya bilər.
Klub Premyer Liqa tarixində indiyə qədər heç vaxt mövsümü 58-dən az xalla başa vurmamışdı. Ən zəif nəticə 2021-22 mövsümündə qeydə alınmışdı. Həmin mövsüm “Mançester Yunayted” 58 xalla 6-cı yeri tutmuşdu. Beləliklə, bu mövsüm klubun yeni antirekordu rəsmiləşmək üzrədir.
Bundan başqa, “Mançester Yunayted” Premyer Liqa tarixində heç vaxt indiki mövsümdən çox məğlub olmamışdı. Komandanın cari mövsüm passivində 14 yenilgi var. Bununla “qırmızı şeytanlar” Premyer Liqada öz antirekordunu təkrarlayıb. Komanda ötən mövsüm də eyni sayda məğlubiyyətlə üzləşmişdi.
Ümumiyyətlə, “Mançester Yunayted” sonuncu dəfə bir mövsümdə daha çox – 16 dəfə – 1989-90 mövsümündə, yəni Premyer Liqanın yaranmasından əvvəlki dövrdə uduzmuşdu.
Beləliklə, bu mövsüm Premyer Liqa dövründə klubun ən uğursuzlarından biri kimi tarixə düşmək üzrədi.