"Məğlubiyyətə layiq deyildik"- Serbiya millisinin baş məşqçisi
Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç komandasının Avro-2024-də ilk oyununu şərh edib. Msport.az xəbər verir ki, Helzenkirhen şəhərində keçirilən görüşdə serblər İngiltərə seçməsinə minimal hesabla məğlub olublar – 0:1.
“Hər iki komandanın yüksək keyfiyyət göstərdiyi çox yaxşı oyun oldu. İngiltərə çox yaxşı, güclü komandadır. Lakin biz çox cəsarətli oynadıq, istədiyimiz futbolu nümayiş etdirə bildik. Topa nəzarət etməyə və rəqibi müdafiə olunmağa məcbur edə bildik. Biz məğlubiyyətə layiq deyildik. Lakin mübarizəni davam etdiririk.
Əlbəttə, nəticədən razı deyiləm, amma özümüzə gəlməyə, istirahət etməyə vaxtımız var. Sloveniya ilə matçda əlimizdən gələni edəcəyik. Bu görüşdə qalib gəlməliyik”.
Serbiya millisi iyunun 20-də Sloveniya ilə qarşılaşacaq.